“Təmiz Qaz” QSC qaz kəmərlərinə, qaz sistemləri və avadanlıqlarına texniki baxış və dəstək üzrə peşəkar ixtisaslaşmış şirkətdir. İstehlakçıların fasiləsiz qaz təchizatı və təhlükəsizliyin təmin edilməsi məqsədilə şirkət qaz kəmərlərinin və onların üzərindəki qurğuların işlək vəziyyətdə saxlanılmasını təmin etmək üçün təşkilati-texniki tədbirlər kompleksini həyata keçirir.
“Təmiz Qaz” QSC-nin başlıca fəaliyyət sahələri xarici yeraltı, yerüstü qaz kəmərlərinin və üzərindəki qaz avadanlıqlarının, texnoloji (qaz, su, telefon, kanalizasiya) quyularının qabaqcıl vasitələrlə texniki baxışının keçirilməsi, sazlama və təmir işlərinin yerinə yetirilməsini əhatə edir.
9 iyul 2014-cü il tarixində əsası qoyulan “Təmiz Qaz” layihəsi 2016-cı ilin mart ayından etibarən müstəqil şirkət kimi fəaliyyətə başlamışdır. Hazırda “Təmiz Qaz” QSC müxtəlif müəssisə və təşkilatların sifarişi əsasında Azərbaycan Respublikasının şəhər və rayonlarında geniş spektrli xidmətlər həyata keçirir.
Əməkdaşların təhlükəsizliyi və sağlamlığı, eyni zamanda ətraf mühitin qorunmasına xüsusi diqqət ayıran “Təmiz Qaz” QSC öz fəaliyyətini müasir SƏTƏM (Sağlamlıq,Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) prinsipləri əsasında təşkil edir. Bu məqsədlə şirkətin nəzdində SƏTƏM şöbəsi və müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqəsi fəaliyyət göstərir. Qeyd edilən şöbənin peşəkar heyəti sahədə çalışan işçilərin təhlükəsizlik qaydaları barədə təlimatlandırılması, iş şəraiti və davranış qaydalarına nəzarət proseslərini həyata keçirir.
“Təmiz Qaz” QSC fəaliyyətində yerli və beynəlxalq normativlərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Şirkətimiz Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi”, həmçinin “Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması”nı həyata keçirməyə icazə verən lisenziyalara sahibdir.
Bununla yanaşı, “Təmiz Qaz” QSC fəaliyyəti (yeraltı və yerüstü qaz kəmərlərinə texniki baxış) beynəlxalq ISO 45001:2018, ISO 9001:2015, ISO 14001:2015 standartlar üzrə sertifikatlaşdırılıb.
Şirkətin inspeksiya orqanı qaz sızmalarının və dağıdılmadan nəzarət üsulları ilə qaynaq tikişlərinin sınaqlarının həyata keçirilməsi üçün AZS ISO 17020:2021 “Uyğunluğun qiymətləndirilməsi. İnspeksiya həyata keçirən müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər” standartına uyğun akkreditasiya olunmuşdur.