17 Noyabr Milli Dirçəliş Günü
Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
Tariximizə Milli Dirçəliş Günü kimi düşən 17 noyabrın mənəvi əsasları, əslində, ötən əsrin 20-ci illərindən, ilk müstəqil respublikamızın sovet imperiyası tərəfindən işğalından sonra yaranmışdı. Beynəlxalq sistemə yenicə inteqrasiya etməyə başlamış Şərqin ilk respublikası beynəlxalq imperializmin basqılarına tab gətirməyib süqut etsə də, xalq on minlərlə qurbanın hesabına qazandığı müstəqillikdən imtina etmək fikrində deyildi. Odur ki, sovet əsarətinin mövcud olduğu bütün onilliklər ərzində ən qəddar repressiyalara məruz qalmasına baxmayaraq, xalqımız azadlıq mübarizəsini müxtəlif formalarda davam etdirirdi.
Bildirilib ki, 1991-ci ilin martında Azərbaycan SSRİ Ali Sovetinin iclasında çıxış edən Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu belə müəyyən etdi: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”. Ümummilli Lider Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı və nəhayət bəyan etdi: “Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır”.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik missiyasını uğurla davam etdirən Prezident İlham Əliyev 4 il əvvəl Milli Dirçəliş Günü ərəfəsində milli mübarizə tariximizin ən parlaq səhifəsinə imza ataraq bütün dünya üçün mümkünsüz görünəni mümkün etdi. Yaratdığı rəşadətli Azərbaycan Ordusu təqribən 30 illik əsarətdən sonra onun rəhbərliyi ilə torpaqlarımızı erməni işğalından azad edərək dövlətimizin ərazi bütövlüyünü təmin etməklə xalqımızın milli qürurunu özünə qaytardı. Müdrik Lider ətrafında bir yumruq kimi birləşən xalqımızın milli birliyi və həmrəyliyi bütün dünyaya göstərdi ki, heç bir qüvvə xalqımızın azadlıq və müstəqillik iradəsini sındıra bilməz. Sarsılmaz milli həmrəylikdən doğan bu gücün xalqımıza qazandıracağı daha böyük zəfərlər isə hələ qarşıdadır.