Xəbərlər
27 Aprel 2022

“Təmiz Qaz” QSC- də YAP-ın ərazi partiya təşkilatı yaradılıb.

2022-ci il Aprelin 27-də “Təmiz Qaz” QSC- də YAP-ın ərazi partiya təşkilatı yaradılıb.

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının “Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətində növbəti yeni ərazi partiya təşkilatı təsis edilib.

Keçirilmiş iclasda “Təmiz Qaz” QSC-nin direktoru Hətəmov Xətai, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP Nərimanov rayon təşkilatının və “Təmiz Qaz” QSC-nin YAP-a üzv olan əməkdaşları iştirak ediblər.

“Təmiz Qaz” QSC-nin direktoru Hətəmov Xətai bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub, habelə qısa zaman kəsiyində öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirərək, ümumxalq partiyasına çevrilib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır.X. Hətəmov qeyd edib ki, yeni ərazi partiya təşkilatı vasitəsilə YAP-ın tədbirlərində və təşəbbüslərində fəal iştirak edəcək, birgə tədbirlər həyata keçiriləcəkdir.

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev yeni ərazi partiya təşkilatının üzvlərini təbrik edib və onların dövlətimizin daha da inkişafı naminə bir amal ətrafında birləşməyinin əhəmiyyətini vurğulayıb. S. Vəliyev qeyd edib ki, gənclər YAP-ın yarandığı ilk gündən onun qurucusu, Ulu Öndər Heydər Əliyevin və YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşiblər. Təşkilat sədri bildirib ki, YAP-ın Nərimanov rayon təşkilatının 110-dan çox ərazi partiya təşkilatı var və “Təmiz Qaz” QSC-də yaradılmış ərazi partiya təşkilatı da qurumun işinə öz töhfəsini verəcək, birgə tədbirlər həyata keçiriləcəkdir.

İclasda “Təmiz Qaz” QSC-nin baş məsləhətçisi Vaqif Cəfərov ərazi partiya təşkilatının sədri,  “Təmiz Qaz” QSC-nin  Nəqliyyat şöbəsinin rəhbərinin müavini Anar Abdullayev sədr müavini seçilib, birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

Bununla iclas öz işini başa vurub.